Sonetlər - Şekspir Vilyam. Страница 10

94

Adam var — hökmü var, pislik etməyir,

Göstərmir gücünü hər yetən kəsə.

Xalqa xeyir verir, xeyir güdməyir,

Polad tək bərk olur, uymayır nəfsə.

Göylər bəxş eyləyir ona zinət, nur,

Yer də sərvət verib edir firavan.

Beləsi özünə hökmdar olur,

El də səcdə qılır ona hər zaman.

Gül özü açılar, özü də solar,

Yay da əzizləyər, oxşayar onu.

Elə ki o güldə bir qüsur olar,

Ona dəyişməzlər alaq otunu.

Acı istiotdan pisdir acı bal,

Zəhərli zanbaqdan yaxşıdır qanqal.

95

Sənin qüsurların görünür qəşəng,

Nöqsanın bunun üçün çoxalıb, bəlkə,

Çiçəyi içindən yeyən bir qurd tək

Salır şöhrətinə, adına ləkə.

Başın qarışıbdır işrətə, kefə,

Sənə yağdırırlar hər yerdə töhmət.

Bütün kinayələr dönür tərifə,

Adın qeybətləri bəzəyir fəqət.

Sənin gözəlliyin — ən gözəl paltar,

Heyrətdən könlümdə od qalanıbdır.

Geyib pis əməllər, guya suçlular

Ən gözəl sarayda daldalanıbdır.

Əzizim, hüsnünü qoru xətərdən,

Qılınc daşa dəysə, düşər kəsərdən.

96

— Eybin gəncliyindir, — deyir bəzisi,

Bəzisi: tutduğun əməldir, — deyir.

Camalın yandırıb yaxır hər kəsi,

Hər görən: günahın gözəldir, — deyir.

Şahın barmağında qəlp üzük qaşı

Hamının gözündə almaza dönür.

Sənin səhvlərin də, ey qəlb sirdaşı,

Hamıya düz gəlir, doğru görünür.

Quzu cilidinə girsə canavar,

Sürüdə görünməz bir quzu belə.

Bütün məftunların əsirin olar,

Sən əgər hökm etsən öz hüsnün ilə.

Yox, yox, etmə belə, sənindir ürək,

Mənimsən, şərəfin mənimdir, demək.

97

Neçə də bənzəyir hicranın qışa,

Elə bil, könlümdə buz layı yatır.

Günlər qəmli-qəmli yetişir başa,

Sanki, at oynadır qarlı dekabr.

Sənin həsrətinə payız deyimmi?

Yığıb qucağına yazın varını,

Boylu, əri ölmüş bir qadın kimi,

Yetim doğacaqdır övladlarını.

Yoxsa ayrılığın hökm edir yayda,

Tutub hər tərəfi kədər, intizar.

Sənsiz, sanki, batıb günəş də, ay da.

Lal kimi susubdur budaqda quşlar.

Quşlar da oxuyur bəzən qəmindən,

Yarpaqlar saralır qışın zəhmindən.

98

Al-əlvan geyinib güləndə aprel

Kədərdən, qüssədən qalmadı nişan.

Təbiət gəncləşib coşdu, elə bil,

Bu vaxt səni məndən ayırdı hicran.

Quşların cəh — cəhi, güllərin ətri

Gətirə bilmədi qəlbimi dilə.

Çiçəklər tutsa da bütün hər yeri,

Çəməndən birini dərmədim belə.

Dinmədim, qızılgül yansa da od tək,

Zanbağın ağlığı açmadı məni.

Fəqət bir-birindən qəşəngdi, qəşəng,

Çünki hər birində gördüm əksini.

Dolandın, əzizim, sən uzaqlarda,

Qış kimi göründü mənə bahar da.

99

Baharda qınadım bənövşəni mən;

Oğurlayıb sənin gül çələngini,

Alıb saf ətrini saf nəfəsindən,

Zərif yanağından — gözəl rəngini.

Əlindən ağlığı qaçıb zanbaq,

Kolda qızılgüllər tutulub yaman,

Biri qorxusundan olub ağappaq,

Biri odlanıbdır utandığından.

Üçüncü, görünür, tərpənib zirək,

Həm ağdır, həm aldır, həm xoş qoxulu,

Onu da qurd yeyir tənbeh edərək,

Dünyada cəzasız qalmır bir oğru.

Hər gül bir cür çalıb sənə çəngini,

Alıb ya ətrini, ya da rəngini.

100

Ey huşsuz ilhamım, mədh eləmirsən,

Unudubsan sənə qanad verəni.

Dəyərsiz mahnılar qoşursan bəzən,

Yüngül təranələr cəlb edir səni.

Haradasan, süstlükdən əl çək, nəhayət,

Nəğmə qoş nəğmənə səcdə edənə.

O ki qələminə verib məharət,

Gözəllik, nəcabət gətirib sənə.

Onun üzünə bax, bənzəyir gülə,

Orda qırış görsən, dayanma rahat.

Zamana lağ elə şərqilərinlə,

Zamana hər yerdə kin, nifrət yarat.

Cəld ol, qanadını bükməmiş dövran

Şərqinlə bəxş elə ona şərəf-şan.

101

Ey tənbəl ilhamım, görmürsən nədən

Ülvi gözəllikdə bu həqiqəti?

Onun gül hüsnünü vəsf eləmirsən,

Səni ki ucaldıb onun qüdrəti.

Bəlkə, deyəcəksən, qayğısız afət,

Düzlük rəng götürmür heç vaxt, heç yerdə.

Gözələ nə gərək, axı, zər-zinət,

Gözəl gözəl olur bəzənməsə də.

Səni lal sükunət qoy aldatmasın,

Al onu şərqinin qanadlarına.

Elə naxış vur ki, heç vaxt çatmasın,

Baş daşı bəzəkdə, ömürdə ona.

Gəl, gözəl nəğmələr qoş həqiqətə,

Çatsın olduğu tək əbədiyyətə.

102

Eşqim ən qiymətli bir xəzinə, sirr,

Onu gizli tutur dilimdən ürək.

Kim ki öz qəlbini açıb göstərir,

Məhəbbətlə alver eyləyir, demək.

Bülbül cəh-cəh vurur gələndə bahar,

Yayda sevincini bölmür heç kimlə.

Beləcə həvəslə mən ilk zamanlar

Seni salamladım nəğmələrimlə.

Bülbülün şərqisi kəsilən zaman

Yay yenə saxlayır öz zinətini.

Əgər ucalarsa hər bir budaqdan,

Musiqi itirər məlahətini.

Odur ki, susuram bülbül kimi mən,

Yoxsa darıxarsan nəğmələrimdən.

103

Ah, zəif ilhamım sönən məşəldir,

Gizlətmək olmayır bunu heç kimdən,

Sənin gözəl üzün daha gözəldir

Mənim tərifimdən, mənim şerimdən.

Əgər susuramsa, qınama məni,

Axı, istəmirəm xar olum yenə.

Güzgünə nəzər sal, zərif çöhrəni

Məndən daha yaxşı göstərər sənə.

Yoxsa qələmimin qüdrəti hərgah,

Bakir gözəlliyi korlayım nədən?

Səhvini düzəltmək deyildir günah,

Odur ki, qarşında lal olmuşam man…

Güzgün gül hüsnünü şerimdən qəşəng

Hər dəfə baxdıqca əks eyləyəcək.