Sonetlər - Şekspir Vilyam. Страница 8
74
Məni bu insafsız, amansız ölüm
Sübutsuz, dəlilsiz həbs eyləyəndə,
Nəğməyə çevrilən bu gözəl ömrüm
Bir xatirə kimi qalacaq səndə.
Vaxt tapıb oxusan onu arabir,
Görəcəksən olub eşqinə ithaf.
Bədənimin tacı — könlüm səndədir,
Cismimi alacaq yer — o nainsaf.
Bəli, vücudumu yeyəcək qurdlar,
Qismətəm onlara, həqiqətdir bu.
Nə var ki, cismimdən qalsın yadigar,
Düşünüb anmağa dəyməz, doğrusu.
Onun var-dövləti qəlbimdir ancaq,
Qəlbim de, şerim də sənə qalacaq.
75
Torpağa can verən yaz yağışı tək
Gül hüsnün doydurur ac gözlərimi.
Rahatlıq naminə narahatam bərk
Daş-qaş üstə əsən bir xəsis kimi.
Simic həm öyünər xəzinəsiylə,
Həm də qorxar onu oğurlasınlar.
Göstərməz varını obaya, elə,
Təkcə sevincini eyləyər izhar.
Mən də vüsalınla tapıram şəfqət,
Axır həsrətinlə göz yaşım dən-dən.
Mənə səndən qeyri yoxdur səadət,
Başqa bir xoşbəxtlik keçmir qəlbimdən.
Hərdən şad oluram, hərdən qubarlı,
Mən sənsiz yoxsulam, səninlə varlı.
76
Şerimdə yenilik görünmür nədən?
Hər fikrim köhnədir, hər sözüm təkrar.
Vaxtla ayaqlaşa bilməyirəm mən,
Gəzmirəm qəribə, yeni üsullar.
Nə üçün yazıram eyni mövzudan,
Nə üçün dəyişmir fikrim donunu?
Hər kəlməm dil açıb söyləyər, inan,
İlk dəfə nə zaman yazmışam onu.
Əzizim, haqqında yazıram hər dəm,
Həmişə qəlbimi edirəm izhar.
Əvvəlki hünərlə geyindirirəm
Ən köhnə sözümə təptəzə paltar.
Təkrarla şerimi sevgin bəzədir,
Axşam batan günəş səhər təzədir.
77
Solmuş gül hüsnünü güzgü göstərər,
Saat-keçən vaxtı-itən sərvəti.
Fikrini hifz edib qoruyar dəftər,
Bir gün dərk edərsən bu həqiqəti.
Güzgüdə gördüyün saysız qırışlar
Sənə xatırladar acgöz məzan.
Saatın səsində bilinər aşkar:
Zamanı sonsuzluğa qovur anlan.
O şey ki yadında çətin qalandır —
Köçür ağ vərəqə, qalsın dəftərdə.
Yazılmış fikirlər doğma balandır,
Bir zaman taparsan, görərsən bir də.
Hər dəfə baxdıqca dərs olar sənə,
Zənginlik bağışlar fikirlərinə.
78
Səndən ilham alıb yaradardım mən,
İndi ilham alır özgə şairlər,
Sığınıb kölgənə, deyib hüsnündən,
Bütün ürəkləri fəth eləyirlər.
Dilsizə dil verir sənin gözlərin,
Alim xəyalını ucaldır göyə.
Nur saçır qəlbinə elmsizlərin,
Gözəllik bəxş edir hər müdrikliyə.
Ən incə sənəti bürüyür tülə,
Ən gözəl nəğməyə bəzəkdir üzün.
Fəqət fəxr edirəm mən öz nəğməmlə,
Çünki yaradanı özünsən, özün.
Sənsən məharətim, sənindir hünər,
Məni ucaldırsan dahilər qədər.
79
Elə ki, sən mənə edirdin kömək,
Sözlərim dönürdü nura, şəfqətə.
İndi nəğmələrim közərir tək-tək,
Taqətsiz ilhamım düşüb möhnətə.
Mənim şerim hara, gül hüsnün hara,
Ən güclü qələmə layiqsən, düzü.
Hazır xəzinəsən hər sənətkara, —
Alır ay üzündən hər nurlu sözü.
O sənə verirsə ləyaqət, qürur,
Bunu rəftarından oğurlayır, bil.
Gözəllik üzündə qərar tutubdur,
Onu təkrar etmək bir hünər deyil.
Təşəkkür eyləmə, yaxşı bil bunu:
Özün ödəyirsən onun borcunu.
80
Biləndə ki, məndən qüdrətli şair
Həsr edir adına gözəl nəğmələr,
Məni susdurmaq üçün coşur, çağlayır,
Çaşqınlıq könlümə salır ilmələr.
Fəqət ləyaqətin bənzər ümmana,
Odur ki sönməyir ümid çırağım.
İstəyirəm gedib üzsün yan-yana
O böyük gəmiylə kiçik qayığım.
Keçib iftixarla fırtınalardan
O çatır ən uzaq, ən dərin yerə.
Sənin köməyinlə üzərək hər an
Mən də can atıram dərinliklərə.
Olsam bu yollarda qəzaya düçar,
Öz sevgim olacaq özümə məzar.
81
Görəsən, kim kimi dəfn edəcəkdir:
Sən məni, mən səni? — Bilmirəm bunu.
Ancaq bilirəm ki, hüsnün çiçəkdir,
Ona dəyə bilməz qışın çovğunu.
Sənin gözəlliyin dövran edəcək,
Beləcə dəyişməz qalacaq hər an.
Mənim surətimsə solub gedəcək,
Ondan qalmayacaq bir iz, bir nişan.
Şerlərim sənə heykəl olacaq,
Görəcəkdir gələn nəsillər səni.
Adın da, hüsnün də daim qalacaq,
Dəyişə bilərmi fəsillər səni?!
Köçüb yer üzündən nəğmələrə sən,
Hər vaxt dodaqlarda ömür edəcəksən.
82
Mənim ilhamımdan üz döndərib sən,
Unudub əvvəlki düz ilqarını,
Sevirsən hər şerə yaraşıq verən
Şairlərin inci misralarını.
Çatmır təriflərim ləyaqətinə,
Ağlın da gözəldir surətin qədər:
Odur ki, özünü salıb çətinə,
Gəzirsən ən qəşəng, təzə nəğmələr.
Təriflər, nəğmələr yenidən yeni,
Hərə gül hüsnünü bir cürə yozur.
Fəqət öz həqiqi gözəlliyini
Həmişə düz deyən bu dostun yazır.
Saralmış üzlərə lazımdır al rəng,
Lalə yanağına boya nə gərək?!
83
Yox zərə, zinətə bir ehtiyacın,
Sənə rəng nə gərək, düşünürəm mən,
Daha qiymətlidir gözəllik tacın
Bütün şairlərin şah əsərindən.
Dinib danışmıram, qalmışam məəttəl,
Qələm necə yazsın şan-şöhrətini?
Sən özün dünyada hamıdan gözəl
Açıb göstərirsən ləyaqətini.
Gel, gəl, sanma mənə susmağı nöqsan,
Susmaqla qalıram tənədən uzaq.
Çünki gül adına mədhiyyə yazan
Ləkələyir sənin hüsnünü ancaq.
Ah, iki şairdə o qüdrət hanı, —
Açsın bir gözündə olan mənanı?!